Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycan səfəri hər iki ölkənin mediasında və cəmiyyətində maraq doğurub.
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş nazirin səfəri ilə bağlı şərh yazısı hazırlayıb.
Unikal.org həmin yazını təqdim edir:
"Türkiyənin yeni baş naziri Binəli Yıldırım iyunun 3-də Azərbaycana səfər zamanı prezident İlham Əliyevlə görüşdə iki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin icrasının hazırki vəziyyətini müzakirə etdi. Binəli Yıldırım Bakıda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verdiyini bu sözlərlə təsdiq etdi: "Azərbaycanın dostu Türkiyənin də dostu, düşməni isə düşmənidir". Ermənistanın müttəfiqi olmasına rəğmən, Rusiya Azərbaycana tərəfdaş ölkələrdən sayılır. Ona görə də Binəli Yıldırımın sözlərinə istinad edilsə, Rusiya Türkiyənin də yenidən tərəfdaşına çevrilə bilər. Rusiya prezidenti Vladimir Putin keçən həftə Yunanıstana rəsmi səfəri zamanı Türkiyə ilə münasibətlərin normallaşa biləcəyini dedi. Ancaq Putin bu açıqlamasına həmişəki kimi şərtini də əlavə etdi: "Türkiyə Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməlidir". Aydındır ki, Ankara Putinin bu şərti hazırki mərhələdə yerinə yetirməyəcək. Çünki, birincisi, Türkiyə hakimiyyəti Rusiya hərbi təyyarəsinin sərhədi pozduğunu vurğulayır, ikincisi, Ankara üzr istəsə Türkiyə hakimiyyəti bu addımını cəmiyyətə izah etməkdə çətinlik çəkəcək".
E.Şahinoğlu vurğulayıb ki, bütün bunlara baxmayaraq, Ankara da Moskva ilə münasibətlərin normallaşdırılmasını istəyir: "Çünki münasibətlərin gərgin qalması hər iki ölkənin iqtisadi-ticarət münasibətlərinə mənfi təsir edir, böyük regional enerji layihələrinin reallaşdırılmasını sual altında qoyur. Digər tərəfdən Ankara rus turistlərin azalması səbəbindən turizm sektorunun itkilərindən də narahatdır. Binəli Yıldırım Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyir. Moskva təyyarənin vurulmasında Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu günahkar sayırdı. Ona görə də Kreml Binəli Yıldırmla münasibətləri yeni səhifədən başlaya bilər. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu iki ölkə arasında işçi qrupun yaradılmasını təklif edib. Qrupun məqsədi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması olmalıdır. Çavuşoğlunun sözlərinə görə qrup rəsmi və ya qeyri-rəsmi formatda fəaliyyətə başlaya bilər".
Politoloq hesab edir ki, qeyri-rəsmi formatda dialoqa başlamaq daha realdır: "Rəsmi Moskva dialoqa hazır olmasa da, rusiyalı ekspertlər və bilim adamları türkiyəli həmkarları ilə dialoq qurmağa hazırdılar. Bu ekspertlər arasında Kremlə yaxın şəxslər də var. Bu yerdə Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkündür. Türkiyə Azərbaycanın müttəfiqi, Rusiya isə tərəfdaşıdır. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasını arzulayan əsas ölkələrdəndir. Dağlıq Qarabağ münaqişəsi baxımından da Rusiya-Türkiyə münasibətlərinin hazırki gərginliyi Azərbaycanın maraqlarına cavab vermir".
E.Şahinoğlu bildirib ki, azərbaycanlı ekspertlər həm Rusiya, həm də Türkiyə ekspertləri və akademik çevrələri ilə sıx təmasdadırlar: "Azərbaycanlı ekspertlər üçlü dialoq formatı təşkil edə bilərlər. Görüşləri növbəlilik əsasında Rusiya, Türkiyə və Azərbaycan ərazisində təşkil etmək mümkündür. Əvvəlcə bu görüşlərdə qarşılıqlı ittihamlar səslənəcək. Bu normaldır. Ancaq dialoqun sonrakı mərhələsində münasibətləri normallaşdırmaq üçün yeni təklif və ideyaların ortaya çıxacağı ehtimalı yüksəkdir. Misal üçün "soyuq müharibə" illərində SSRİ-ABŞ münasibətləri də gərgin idi, iki dövlət arasında xeyli problem mövcud idi. Ancaq hətta o illərdə SSRİ və ABŞ ekspertləri və akademik çevrələri arasında dialoq var idi və bu şəxslər münasibətlərin normallaşdırılması üçün yollar axtarırdılar. Son nəticədə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün oldu. Buna görə də, azərbaycanlı ekspertlərin vasitəçiliyi ilə türkiyəli və rus ekspertlər arasında başlana biləcək dialoq da işin xeyrinə olacaq. Mümkündür ki, Türkiyə və Rusiya hakimiyyətləri ekspertlərin hazırladıqları təkliflərə diqqət etsinlər və həmin təkliflərdən istifadə etsinlər. Bunun üçün ekspertlərin münasibətləri normallaşdırmaq üçün "yol xəritəsi" hazırlaması vacibdir".