2018-ci ildə "Azərenerji" ASC 22 521 mln. kVt/s elektrik enerjisi istehsal edib.
Bu barədə Unikal.org-a qurumun mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu, 2017-cı illə müqayisədə 748 mln. kVt/s və yaxud 3,4% çoxdur. 2019-cu ildə isə bu rəqəmin 1 029 mln. kVt/s yaxud 4,6% artaraq 23 550 mln. kVt/s-a çatdırılması nəzərdə tutulub.
T.Abdullayev “Azərenerji”nin ötən il idxal və ixrac etdiyi elektrik enerjisinin həcmini də açıqlayıb. "Azərenerji" rəsmisinin sözlərinə görə, 2018-ci ildə Azərbaycanın elektrik enerjisi idxalının ümumi həcmi 99,2 mln. kVt/s. elektrik enerjisi ixracının ümumi həcmi isə 1 413,2 mln. kVt/s təşkil edib. Son nəticədə enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVt/s olub.
İl ərzində Azərbaycan Rusiyaya 121,4 mln., Gürcüstana 1 230,1 mln., Türkiyəyə 13,4 mln., İrana 48,3 mln. kVt/s elektrik enerjisi ixrac edib.
2019-cu ildə ölkənin ümumi elektrik enerjisi ixracının 1 500 mln kVt/s olması planlaşdırılır.