Dövlət Gömrük Komitəsi ATEF adlı şirkət tərəfindən xammal şəklindəki əlvan metalların hazır məhsul adı altında Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda kodu bilərəkdən dəyişdirilərək sənədləşdirildiyi və “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində həmin yükü daşıyan nəqliyyat vasitələrinin saxlanıldığına dair iddiaya münasibət bildirib.
DGK-dan Unikal.org-a daxil olan məlumatda bildirilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində həyata keçirilən rüşvət, korrupsiya və inhisarçılığa qarşı mübarizə tədbirlərini şübhə altına alan yazılar, şərhlər yayımlanıb.
“İlk növbədə onu vurğulayaq ki, yazıda iddia olunduğu kimi gömrük orqanları tərəfindən ATEF şirkətinə məxsus yükləri daşıyan hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb. Lakin qeyd olunan istiqamətdə başqa şirkətlərə məxsus nəqliyyat vasitələri saxlanılıb ki, hazırda da Qərb Ərazi Baş Gömrük İdarəsində müvafiq araşdırmalar aparılır. Üstəlik araşdırma konkret olaraq malların düzgün bəyan olunmaması istiqamətində aparılır və korrupsiya faktının mövcudluğu haqqında araşdırmaların nəticəsindən sonra fikir söyləmək mümkün ola bilər.
Digər tərəfdən istər gömrük orqanlarında, istərsə də digər dövlət təsisatları və ya özəl qurumlarda qanundankənar əməllərin törədilməsi mümkündür. Lakin bu faktı həmin qurumun rəhbərliyinin bilgisi daxilində baş vermiş kimi ictimailəşdirmək və şərh etmək, birbaşa həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etmək ən azı mədəniyyətsizlikdir.
Üstəlik korrupsiya, rüşvət, bir sözlə gömrük qanunvericiliyin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.
Qeyd olunan faktla bağlı araşdırma aparıldığından hələlik onun nəticələri barədə hər hansı açıqlama vermək məqsədəuyğun deyil və araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Kimlərinsə ucuz sensasiyalar hesabına özünü cəmiyyətə “qəhrəman” kimi təqdim etməsinə isə ehtiyac yoxdur. Bu faktlar birbaşa gömrük orqanları tərəfindən aşkar edilib və araşdırılır, vəziyyət DGK-nın aidiyyəti qurumlarının nəzarəti altındadır.
Ancaq son dövrlərdə gömrük sistemində həyata keçirilən və artıq nəticələri cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilən islahatlar prosesinə əsassız iddialarla kölgə salmağa çalışmaq ən azı ədalətsizlikdir.
“Tovuz Gömrük İdarəsi”nin aylardır ləğv edilməsindən, “Sınıq Körpü” adlı gömrük postunun adının dəyişdirilməsindən xəbərsiz olanların bu yazını hansı “əziyyətlə” və “zəhmətlə” hazırladığı, “dərin” araşdırmalar apardığı göz qabağındadır. Bu yazını hazırlayanların kimlərin dəyirmanına su tökdüyü gömrük sistemindən az-çox xəbərdar olan hər kəsə yaxşı məlumdur və artıq şərhə ehtiyac görmürük. Bir məsələni xatırlatmaqda isə yarar var.
Dövlət Gömrük Komitəsi qarşısında ölkənin iqtisadi təhlükəsizliyni qorumaq, ixrac və tranzit potensialını artırmaq, sahibkarlığın inkişafına münbit şərait yaratmaq, şəffaflığı təmin etmək kimi mühüm vəzifələr qoyulub və bu vəzifələrin öhdəsindən layiqincə gəlindiyi hətta dünyanın ən mötəbər gömrük mütəxəssisləri tərəfindən qeyd olunaraq yüksək qiymətləndirilib, Azərbaycan gömrüyünün, xüsusilə şəffaflığın əldə olunması sahəsindəki təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
Əslində gömrük xidmətinə qarşı xüsusi qaralama kampaniyası aparanların, bu kimi yazıları sifariş edənlərin də gömrük orqanlarının şəffaflığın təmin olunması istiqamətində əldə etdiyi təcrübələrdən faydalanması, öz daxillərində və zehniyyətlərində korrektələr etməsi yararlı olardı”, - məlumatda vurğulanıb.