Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 27-ci ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2018-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
Unikal.org-a
verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.
Mərasimdə çıxış edən Səfər Mehdiyev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gömrük orqanları Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq inkişaf edib və ölkəmizin mühüm dövlət təsisatlarından birinə çevrilməklə yanaşı, dünya gömrük ailəsində yüksək etibar və etimad qazanıb. Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdıran Səfər Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və ən əsası, şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.  
Komitə sədri vurğulayıb ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb. Prezident İlham Əliyevin tarixi İpək Yolu üzərində strateji mövqe tutan ölkəmizin tranzit potensialının gücləndirilməsi, ixrac potensialının artırılması istiqamətində atdığı addımlar gömrük orqanlarının da qarşısında yeni hədəflər müəyyənləşdirib. Artıq ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən - xidmətə doğru dəyişdirərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, ən müasir gömrük nəzarət üsul və vasitələrinin tətbiqi istiqamətində mühüm addımlar atır.
Qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması məqsədilə fevralın 1-də tətbiqinə başlanacaq “Yaşıl dəhliz” buraxılış sisteminin ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın təmin olunması və könüllü riayət prinsipinin formalaşmasında vacib rol oynayacağını bildirən Səfər Mehdiyev gömrük orqanlarının bu layihənin icrasını uğurla reallaşdıracağına əminliyini ifadə edib.
Daha sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseyov çıxış edib.
İsmayıl Hüseynov bildirib ki, hesabat dövründə ilk növbədə çevik idarəetmə sistemi yaradılmaqla Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin vaxtında və operativ sürətdə yerinə yetirilməsinə daha əlverişli şəraitin yaradılması, Komitənin struktur bölmələrinin fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyin təkmilləşdirilməsi, eyni və oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsi və nəticədə, gömrük xidmətinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdirilərək paralel və bir-birini təkrarlayan struktur bölmələrinin əvəzinə yeni struktur bölmələri, o cümlədən ərazi və ixtisaslaşdırılmış  gömrük  idarələri yaradılıb.
Komitə sədrinin birinci müavini qeyd edib ki, 2018-ci ildə dövlət  büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib, ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 mln. manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 mlrd. 190 mln. manat proqnoza qarşı faktiki olaraq 244 mln. manat və ya 107,6 faiz artıq gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Sonra  Naxçıvan Muxtar Respublikası  Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli, DGK Əməliyyat İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Bəhruz Quliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Bundan başqa, iclasın gündəliyindəki “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Ticarətin Asanlaşdırılması üzrə Konsepsiyası”,  “Azərbaycan Respublikasında tranzit əməliyyatlarının gömrük tənzimlənməsinin inkişafı Konsepsiyası”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il üçün İş Planı”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi haqqında Əsasnamə” müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Sərəncamı dinlənilib, Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrlərinin imzalandığı diqqətə çatdırılıb.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.