Artıq bir neçə gündür sosial şəbəkələrdə bağçalardan birinin rəhbərinin özbaşınalığı haqqında geniş müzakirələr gedir.
Unikal.org-ın məlumatına görə, Vəfa Sərdar Səfərova adlı valideyn 3 yaşlı qızı Əsmərin Binəqədi rayonu 210 nömrəli bağçada haqsızlıqla rastlaşdığını vurğulayıb.
Qadının sözlərinə görə, övladını bağçaya çətinliklə, 250 manat pul müqabilində qoya bilib. Bundan başqa, hər ay bağçaya 45 manat aylıq, 15 manat fond pulu ödəyib. Əsmərin 2 müəlliməsi və bir tərbiyəçisinə də ayrı-ayrılıqda hər ay 10 manatdan pul verib. "Bayramlarda, tədbirlərdə yığılan pullar da öz yerində..."
Amma valideyni narahat edən məsələ başqadır. Belə ki, onun sözlərinə görə, bir müddət öncə böyük qrupun tədbirinə baxmaq üçün balaca qruplardan da 3 manatdan yığılıb. "Müəllimə dedi ki, versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur ki, verəm. Mən vermirəm. Beləcə 3-4 gün keçdi. Mayın 31-i idi. Müəllimə bir də mənə müraciət etdi. Mənə dedi ki, "Vəfa, müdirə deyib hamıdan yığın, vallah, bizə də belə deyirlər". Mən də dedim ki, "müəllimə siz özünüzü müdirin yanında pis etməyin. Soruşsa deyin ki, o, valideyn pulu vermədi".
İyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng geyindirdim, apardım bağçaya. Düşündüm ki, nə olsun ki, 3 manat verməmişik, yəqin, çıxıb küçədə olan şənliyə baxar. Kənardan baxmaq da pulla deyil ki".
Ananın sözlərinə görə, axşam həyat yoldaşı ilə uşağı baxçadan götürməyə gedəndə qarşılaşdığı mənzərədən, sözün əsl mənasında, şoka düşüb. Belə ki, bütün qrup həyətdə keçirilən tədbiri izləyib. Ancaq 3 yaşlı körpə tərbiyəçi ilə heç kimin olmadığı otaqda gözləməli olub.
"Tərbiyəçi mənə dedi ki, Əsmər paltarını batırıb. "Bundan başqa da bu gün sizə görə mən də otaqda Əsmərlə dustaq qalmışam" dedi. Bütün bağça tədbirə baxıb, bir 3 manata görə, mənim körpəm isə tək otaqda oturub".
Qarşı tərəfin mövqeyini almaq üçün ANS PRESS 210 nömrəli bağçanın müdirəsi Həmidə Əliyeva ilə danışmağa müvəffəq olub. Müdirə ona qarşı ittihamların tamamilə yanlış olduğunu bildirib.
"Elə bir az olar İcra Hakimiyyətindən gəlirəm. Əsmərin anası və müəllimələri də orada idi. Valideynin dediklərinin səhv olduğunu sübut etmək üçün üzərində 01.06.2016 tarixli tədbirdən fotoları da İcraya təqdim etdim. Əsmər həmin tədbirdə hamı ilə birgə iştirak edib. Sadəcə, uşaqdır da, klonu görəndə qorxub ağlayıb və böyük bayıra çıxıb. Ona görə, tərbiyəçidən onu aparıb təmizləməsini və qorxduğu üçün tədbirə gətirməməsini tapşırdım".
Bağça rəhbəri deyir ki, müəllimə valideynə tədbirdə iştirak etməməsi ilə bağlı heç bir söz deməyib. "Həmin valideyn istəyir ki, onun uşağına 100-ə kimi saymağı öyrədək. Deyir, mənim uşağım 40-a kimi bilir, ardını da siz öyrədin. Başa düşmür ki, biz öz proqramımızla gedirik. O yaşda uşaqlara yalnız 5-10-a kimi saymağı öyrədirik".
H.Əliyeva valideynin bağçada pul yığılması ilə bağlı ittihamlarına da cavab verib. O, qadının bu iddialarının əsassız olduğunu deyib. "Bizim bağça dövlət bağçasıdır. Biz heç kimdən pul istəmirik. Amma kimsə, 5-10 manat könüllü verirsə, bu, başqa məsələ..."