Ağdaş rayonunda Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, əvvəlcə görüş iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri düzərək böyük ehtiramla ulu öndərimizi yad ediblər. Eyni zamanda Şəhidlər abidə kompleksini ziyarət edən görüş iştirakçıları şəhid məzarlarının önünə gül dəstələri qoyublar.
Görüş Heydər Əliyev Mərkəzinin kiçik zalında dəyirmi masa arxasında davam etdi. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olundu. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov görüşü açaraq ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Ölkə prezidenti İlham Əliyevin birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüş keçirməsi, onlarla səmimi söhbət etməsi, “ev almayan şəhid ailəsi qalmayacaq” açıqlamasını verməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərarı bütün azərbaycanlıları, bütün xalqımızı ürəkdən sevindirdiyini, qürurlandırdığını vurğulayan millət vəkili qeyd etdi ki, bütün bunlar bir daha ölkə prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür.
Son zamanlar radikal müxalifət tərəfindən xaricdən gələn siyasi sifariş və konkret maliyyə dəstəyi əsasında mitinqlər keçirilməsinə cəhd etmələrinə toxunan Cavid Osmanov bildirdi ki, hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyubdur. Bütün bunlar isə antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Radikal müxalifət yanvarın 20-də də milli-mənəvi dəyərimiz olan Şəhidlər xiyabanını ziyarət etmək bəhanəsi ilə süni şəkildə polislə qarşıdurma yaratmağa cəhd göstərdilər və bunu sosial şəbəkələr vasitəsilə siyasi şouya çevirmək istədilər. Məqsəd Azərbaycanın antidemokratik obrazını yaratmaq, onun beynəlxalq ictimai rəydə imicinə zərbə vurmaqdan ibarət idi. Ancaq bu, baş tutmadı. Çünki ictimaiyyət nəyin necə və nə üçün baş verdiyinin çox gözəl fərqindədir. Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin suriyalaşdırılaraq xaosa sürüklənməsinə, imperialist mərkəzlərin terror poliqonuna çevrilməsinə icazə verməyəcəkdir.
Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar hər zaman dövlət başçımızın ətrafında sıx birləşiblər, Ali Baş Komandanın bir əmri ilə yenidən silaha sarılaraq torpaqlarımızı azad etməyə hər zaman hazırdılar. Ölkə başçısının şəhid ailələri ilə görüşü zamanı onlara göstərdiyi mehribanlıqdan, dövlətimizin şəhidlərə, onların ailələrinə göstərdiyi qayğıdan bəhs edən çıxışçılar bu cür görüşlərin keçirilməsini yüksək qiymətləndirdiklərini bildirdilər.
Radikal müxalifət yanvar 20-də siyasi şou təşkil edib ictimai sabitliyi pozmaq cəhdləri ilə azadlıq şəhidlərimizin ruhuna hörmətsizlik etdiyini vurğulan çıxışçılar bildirdilər ki, buna görə Azərbaycan xalqı heç bir zaman şəxsi maddi maraqlarına görə Şəhidlər xiyabanını oyun alətinə çevirməyə çalışan Əli Kərimliyə, onun ətrafındakı dağıdıcılara, Milli Şuraya, Real partiyası və digər radikal düşərgənin təmsilçilərinə dəstək olmayacaq, onlara yerini göstərəcək və onları lənətləyəcəklər.
Sonda Ağdaş rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup Qarabağ müharibəsi veteranı, əlili və şəhid ailəsinin üzvünə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı təqdim olundu.