Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin aparıcı istehsalat müəssisələrinin nümayəndələri ilə universitet kollektivinin “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, ölkənin aparıcı dövlət və özəl müəssisələrinin (Zaferoğlu İnşaat MMC, Embawood MMC, AzerGold QSC, Təmiz Şəhər ASC, AzVirt MMC və.s) rəhbər və nümayəndələri, tələbələr iştirak edib. 

AzMİU-nun rektoru, professor G.Məmmədova görüşün məqsədinə toxunaraq universitetdə kadr hazırlığı məsələsində nəzəri biliklərlə yanaşı, praktik biliklərə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran əsas məsələ olduğunu, bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin vacibliyini diqqətə çatdırıb. Uğurlu tərəfdaşlığın davamında universitetin iş dünyası ilə olan əməkdaşlığının hər iki sahəyə olan müsbət təsirindən danışıb. Rektor kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib. “ Hazırda AzMİU-nun tələbə və məzunlarının iş dünyası ilə tanış olması üçün universitetdə bir çox istiqamətlərdə işlər aparılır. Universitetdə Təcrübə və karyera şöbəsi fəaliyyət göstərir, ölkənin aparıcı qurumlarından nümayəndələr universitetə dəvət olunur, onlar mütəmadi olaraq tələbələrlə görüşür, seminarlar keçirir və praktik biliklərini tələbələrlə bölüşürlər”. Rektor həmçinin bildirib ki, keçən ildən etibarək tələbələr ilk dəfə olaraq 14 həftəlik istehsalat təcrübəsinə göndərilib. Məhz bu cür təcrübələr zamanı 200-dən çox tələbə əmək haqqı almaqla yanaşı işlədə təmin olunub.    

Rektor çıxışının yekununda ölkə iqtisadiyyatının müasir tələblərinə uyğun, praktiki bilik və bacarıqlara malik kadrların hazırlanmasında universitetə göstərdiyi böyük dəstək və səmərəli əməkdaşlığa görə bir qrup istehsal müəssisəsinin rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim edib.

İstehsal müəssisələrinin rəhbər və nümayəndələri də öz növbələridə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib, əməkdaşlığın davamlı olmasını arzulayıblar.