1 milyard insanı məhv edəcək bəla!
17:01 22-09-2012
İQTİSADİYYAT
1 milyard insanı məhv edəcək bəla!
Bu, yeganə leqal istehlak malıdır ki, ondan istifadə edənlərin təxminən yarısını öldürür! Təcili tədbirlər görülməzsə, 1 milyard insanın ölümü ilə nəticələnəcək!
Gələcək naminə Siqaretə YOX Deyək!
Tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Bütün dünya üzrə hər 10 ölümdən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir!!! Dəhşətli rəqəmlərdir, əziz oxucu, elə deyilmi?
Qeyd etmək yerinə düşərdi ki, Birinci Dünya Müharibəsində 4 il ərzində 10 milyon adam ölüb, amma tütün istifadəsindən 4 il ərzində 21,6 milyon… Sizcə siqaret doğrudan da müasir dünyamızda kütləvi qırğın silahı deyilmi?
Hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Bu il tütün beş milyondan artıq insanı - ümumi götürdükdə vərəm, HİV-AİDS və malyariya xəstəliklərindən dünyasını dəyişənlərin cəmindən daha çox insanı məhv edəcək. Dəhşətli rəqəmlərdir, elə deyilmi?
İnkişaf etmiş ölkələrdə 35 yaşla 70 yaş arasında vəfat edən kişilərin 30%-nin ölümünə səbəb məhz siqaret olmuşdur! Ciddi düşünməyə dəyər, elə deyilmi?
Dünyada siqaret çəkmə səbəbindən hər 6 saniyədə bir insan dünyasını dəyişir! Ümumdunya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 1,1 milyarddan çox insan siqaret çəkir! Tütündən baş verən ölümlər nadir hallarda KİV başlıqlarında əksini tapır, amma reallıq budur ki, tütün hər 6 saniyədə bir nəfəri öldürür!
Əgər təcili tədbirlər görülməzsə:
- Siqaret 2030-cu ilədək hər il təxminən 8 milyon insanı öldürəcək!
- 2030-cu ilədək tütündən istifadə ilə əlaqədar olaraq ölüm hallarının 80 faizindən çoxu inkişaf edən ölkələrin payına düşəcək!
- Və Tütün məhsulları 21-ci əsrdə 1 milyard insanın ölümü ilə nəticələnəcək!
Bilirsinizmi ki,TÜTÜN YEGANƏ LEQAL İSTEHLAK MALIDIR Kİ, TƏYİNATI ÜZRƏ ONDAN İSTİFADƏ EDƏNLƏRİN TƏXMİNƏN YARISINI ÖLDÜRÜR!
Bəli, TÜTÜN ONDAN İSTİFADƏ EDƏNLƏRİN TƏXMİNƏN HƏR İKİ NƏFƏRDƏN BİRİNİ ÖLDÜRÜR!
BÜ GÜN YAŞAYAN 1 MİLYARDDAN ÇOX SİQARET ÇƏKƏNLƏRİN TƏXMİNƏN 500 MİLYONU TÜTÜN SƏBƏBİNDƏN HƏLAK OLACAQ!
Siqaret insanı bax
beləcə məhv edir!
Ümumidünya Səhiyyə Təşkilatının hesabatında deyilir: Tütün yeganə istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsə zərər gətirə bilər; o təyinatı üzrə ondan istifadə edənlərin təxminən yarısını öldürür. Buna baxmayaraq tütündən istifadə bütün dünyada geniş yayılıbdır ki, bu da aşağı qiymətlər, satışın təcavüzkarcasına və istənilən yerdə stimullaşdırılması, onunla bağlı təhlükələr barədə məlumatın olmaması və onun istehlakına qarşı yönəldilən qeyri-ardıcıl dövlət siyasətindən asılıdır.
Amma bəlkə də heç düşünməmisiniz ki, Tütün dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Bu Ümumidünya Səhiyyət Təşkilatının rəsmi açıqlamalarında birmənalı şəkildə öz əksini tapır.
Ümumidünya Səhiyyə Təşkilatının baş direktoru Dr.Marqaret Çen deyir: "Tam qarşısı alına bilən bu EPİDEMİYANIN geri dönməsi, bu gün dünyanın hər bir ölkəsində ictimai səhiyyənin və siyasi rəhbərliyin ən mühüm prioriteti olmalıdır."
Narahatlığı və təhlükəni daha da artıran isə tütün məhsullarından istifadə edənlərin (Azərbaycanda da) getdikcə daha da artmasıdır. Artıq SOS çalmaq zamanıdır!!! Nəzərə almalıyıq ki, tütündən istifadə o qədər çox və müxtəlif üsullarla məhv edə bilir ki, dünyada əsas səkkiz ölüm səbəbinin altısına dair risk faktorunu təşkil edir. ÜST-ün baş direktoru Dr. Marqaret Çenin vurğuladığı kimi, bir əsrdə bir milyard kişi, qadın və uşaqlara təhlükə yaradan qlobal tütün epidemiyası probleminin həlli bizim əlimizdədir. Bu dağıdıcı epidemiyanı dayandırmaq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir.
Bu gün dünyanın bəzi bölgələrində artıq siqaretlə ciddi mübarizəyə başlanılıb, siqaret əleyhinə böyük kampaniyalar həyata keçirilir. Amma əslində bu gün siqaretə qarşı müharibə aparmaq zamanıdır! Mən sizi Siqaretə qarşı müharibəyə çağırıram! Giriş hissəsində təqdim etdiyim bir çox faktlar və təhlükələr gecikdiyimiz hər bir anın əslində nə qədər qiymətli olduğunu sübut edir!
Məncə mütəxxəsislərin hesablamaları, rəqəmlər və faktlar bizi BU KÜTLƏVİ QIRĞIN SİLAHINA, BU DƏHŞƏTLİ EPİDEMİYAYA qarşı əl-ələ verərək birgə müharibəyə başlamağa kifayət edə bilər.
Killer siqaret!
Oxucular soruşa bilər ki, nə üçün tütün məhsulları, siqaret sağlamlığa bu qədər böyük düşmən və zərərdir? Bunun üçün ilk öncə siqaret adlandırdığımız bu bəlanın tərkibinə nəzər salmağımız çox vacibdir. Siqaret tütün bitkisinin (nicotina tabacum) qurudulmuş yarpaqlarından hazırlanır. Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir.
Bunlardan ən zərərli olanları nikotin, qətran, karbon-oksid və xərçəng yarada bilən maddələrdir. Məsələn, siqaretin tərkibində olan nikotin zəhərli bir maddə olaraq sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir! (sianid maddəsi hüceyrələrin qandan oksigeni çəkməsini blokadaya alır və bədənə oksigenin ötürülməsini əngəlləyir. Nəticədə bədəndə oksigen çatışmazlığı yaranır). Nikotinin 2-3 damcısı insan üçün ölümcül dozadır ki, bu da təxminən 20-25 siqaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutunu dayanmadan çəkən insan ölə də bilər.
Siqaretin ən böyük təhlükəsi odur ki, siqaretlər və çəkilməsi nəzərdə tutulan digər tütün məmulatları siqaret çəkənin ilk qullabından vərdiş yaradan nikotini beyinə tez çatdırır - təxminən şprisin istifadəsi ilə aparılan vena daxili inyeksiya intensivliyi ilə… Siqaretləri «nikotini çatdıran cihaz» adlandırırlar. Lakin tütünün çəkilməsindən yaranan effekt yalnız bir neçə dəqiqə davam etdiyinə görə tütün çəkənlər yenidən çəkməyənədək, absinent sindromu keçirirlər ki, bu da çox təhlükəlidir. O, üzdən xüsusilə siqaret çəkməyənlər xüsusi diqqətli olmalıdır. Nəzərə alın ki, əlinizə aldığınız bir ədəd siqaret sonra sizin həyatınızın bəlasına çevriləcək!
Tütünün və tütün tüstüsünün tərkibində 4000-ə qədər kimyəvi birləşmənin 60-dan çoxu hüceyrənin genetik strukturuna ziyan verir və bədxassəli şişin-xərçəngin yaranmasına səbəb olur.
Məsələn bilirsinizmi ki, tütün, siqaret ürək-damar, xərçəng və 25-dən artıq digər xəstəliklərin yaranmasının və ya gedişatının ağırlaşmasının əsas səbəbkarı hesab edilir!
ÜST məlumatlarına görə tütündən istifadə edənlərin böyük əksəriyyəti onunla bağlı risklər barədə bilmirlər. Tütünlə bağlı təhlükələrin inandırıcı dəlillərinə baxmayaraq, bütün dünyada az sayda siqaret çəkən şəxslər səhhətləri üçün yaranan riski tam başa düşür. Ola bilər ki, insanlar ümumiyyətlə tütünün zərərli olduğunu anlayır, lakin siqareti yol verilən pis vərdiş kimi qəbul edirlər. Tütünün fövqaladə asılılıq yaratmaq bacarığı və səhhət üçün törətdiyi təhlükələrin tam spektri ictimaiyyətə lazımi dərəcədə izah edilmir. Bunun nəticəsində insanlar hesab edirlər ki, səhhətləri ilə bağlı problem yaranmamışdan əvvəl tütündən istifadəni azalda və ya siqareti ata bilərlər. Əslində isə, siqaret çəkənlərin əksəriyyəti tütündən istifadəni azalda bilməyəcək, onların demək olar ki, yarısı tütünlə bağlı xəstəliklərdən öləcək.
İnsanların əksəriyyəti bilmir ki, tütündən hətta minimum istifadə təhlükə yaradır. Tütündən istifadə edənlərin əksəriyyəti tütünlə bağlı yaranan ağ ciyərlərin xərçəngindən başqa xəstəlikləri demək olar ki, tanımırlar. Bilmirlər ki, siqaretçəkmə həmçinin ürək xəstəliklərinə, insult və bir çox digər xəstəliklərə, o cümlədən xərcəngin bir çox növlərinə səbəb olur.
Siqaret çəkənlərin 10 %-i xərçəngdən ölür! Gündə iki qutu siqaret çəkənlərin isə 15-20 %-i bu xəstəliyin qurbanı olur!!!!
Siqaret çəkənlərdə tez-tez tənginəfəslik yaranır, çünki onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün çəkənlər ildən-ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə məruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaret çəkmədir.
Siqaret ağciyərləri
məhv edir!
Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir.
Unutmayın ki, 90% hallarda ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı tütündür.
Siqaret çəkən insanın ağciyərləri! Ağciyər xərçəngi! Bu siqaretin sizə verdiyi bir bəladır!
Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formalarının yaranmasına da səbəb ola bilir.
Tütünün istənilən formada çəkilməsi ölümlə nəticələnən insultlar və ürək tutmalarının da əhəmiyyətli risk faktorudur.
Siqaret çəkmək daha çox ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur:
Ağ ciyər xərçəngi - 90% hallarda
Xroniki bronxit, emfizema - 75% hallarda
Ürəyin işemiyası - 25% hallarda
Siqaret çəkmə tənəffüs orqanları xəstəliklərinin - xroniki ağciyər xəstəliklərinin, sətəlcəmin əsas faktorlarından biridir. Xroniki bronxit tütündən istifadə edənlərdə istifadə etməyənlərdən 5-7 dəfə çoxdur! Siqaret çəkmək insanı öskürdür və bəlğəm əmələ gətirir, xroniki bronxitə səbəb olur.
Müntəzəm siqaret çəkən insanların təxminən 25 faizi bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 10, 20 və ya 30 ilədək qısalır!
Siqaret çəkən insanda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı yüksəlir. Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkt, beyində isə insulta səbəb olur.
Adətən damarların daralması və qan dövranının ləngiməsi səbəbindən 30-40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyanın inkişafı riski yaranır. Siqaret çəkən kişilərdə cinsi orqanlarının qan damarlarının daralmasına görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.
Bununla yanaşı, siqaret həzm sisteminə də öldürücü zərbə vurur. Belə ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır.
Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür.
Siqaretçəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir.
Nikotin sürətli ürək döyüntülərinə, qusma, baş gicəllənməsi kimi halların meydana gəlməsinə də səbəb olur.
Bundan başqa siqaret çəkənin hafizəsi zəifləyir, əhval-ruhiyyəsi pozulur, yuxusuzluq, dərisində qırışlar əmələ gəlir. Tütündən istifadə edənlər arasında miokard infraktı halları istifadə etməyənlərdən 4-5 dəfə çoxdur! Əgər siqaret çəkənin qanında xolesterinin miqdarı və ya təzyiqi yüksəkdirsə ürək tutma halları 8 dəfə çoxalır.
Tütün çəkənlərin xarici görünüşü də dəyişilir. Siqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi,eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir.
Siqaret çəkən qadınlarda üzdə qocalma prosesi çox surətlə gedir!
Bəzən insanlar səhvən düşünürlər ki,siqaret çəkməklə bədən çəkisinə nəzarət etmək olar. Əslində isə siqaretdən imtina etdikdə bədən çəkisi yalnız 3 kq-dək arta bilir. Düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir.
İndi qeyd edəcəyim faktlar isə yəqin ki, siqaret çəkən qızlarımızı və qadınlarımızı ciddi narhat edəcək.
Mütəxəsislərin araşdırmalarına görə, güclü siqaret çəkənlərin üzündə qırışlar siqaret çəkməyən yaşıdlarından beş dəfə çoxdur.
Qadın və siqaret! Kənardan necə göründüyünüzü və sizdən gələn pis siqaret qoxusunu düşünün!
Belə ki, tütündə olan zəhərli maddələr üzdəki nazik qan damarlarını zədələyir və bu, vaxtından qabaq qocalmaya, dərinin təravətini itirməsinə gətirib çıxarır!
Bundan əlavə tütün həmçinin gələcəkdə qızların ana olmama riskini də artırır!!!
Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağlamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O, zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə görə peşmançılıq hissi keçirilir.
Siqaretin sənə verdiyi ancaq xəstəlikdir!
Həqiqətən, siqaretçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaret çəkmənin sağlamlığa vurduğu zərbələr barədə düşünmək istəmir.
Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?
Bu fəsadların çoxunun da öldürücü olduğunu nəzərə alsaq, siqareti tərgitmək üçün bundan ciddi səbəb ola bilərmi?
Amma SİZ dünyada cəmi bircə mütəxəssis belə tapa bilməzsiniz ki, SİQARETİN insana xeyirli təsirini söyləyə bilsin! Bunu heç zaman unutmayın!
Emin
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55