Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması halları çoxalıb.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildiriblər.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.
DGK-nın məlumatında o da qeyd olunur ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiyaya pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub.
Xatırladaq ki, artıq problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.