Hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, rezonans doğuran açıqlama Çexiyada olub. Qəzetin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi - Ales Şpidla danışıb.
Ales Şpidla super dövlətlərin kiberhücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib.
Ales Şpidla hakerlərin Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəltdiyini deyib. Ekspertin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.
Şpidlanın bildirdiyinə görə, Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.
Ekspertin bildirdiyinə görə, Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Şpidla bildirib ki, kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. "Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi sistemləri, informasiya sistemləridir", - o deyib.
Məsələ ilə bağlı araşdırmalar davam edir.