İndi Bakının mərkəzi yolları "Formula 1" yarışlarına görə xüsusi arakəsmələrlə əhatələnir. Minik maşınlarının, avtobusların şütüdüyü bu yollar iyunun 17-də yerini peşəkar "Formula 1" pilotlarına verəcək.
Şəhərdə ilk dəfə keçiriləcək bu dəbdəbəli yarışlara qızğın hazırlıq işləri gedir.
Unikal.org xəbər verir ki, Azadliq.org-un hazırladığı reportajda bildirilir ki, "Formula 1"-ə təkcə yarış təşkilatçıları hazırlaşmır. Bu yarışdan fayda götürmək istəyən Bakı sakinləri də əl-qolunu çırmalayıb.
Daha doğrusu, üzü "Formula 1" pilotlarının keçəcəyi küçələrə baxan balkonların sahibləri. May ayında gənclər və idman naziri Azad Rəhimov sakinlərəbalkonlarını kirayə verib pul qazana biləcəkləri çağırışını etdi.
Nazir dedi ki, bununla bağlı heç bir məhdudiyyət, qadağa yoxdur. Azad Rəhimov öz tamaşaçı təcrübəsini də bölüşdü: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini balkondan izləmişəm".
Əvvəl 30-40 dollara, indi 300-400 manata
Nazirin bu çıxışından sonra sosial şəbəkələrdə əvvəlcə zarafatla, sonra isə ciddi şəkildə balkonların kirayə verilməsi ilə bağı elanlar görünməyə başladı. O zaman elan sahibləri balkonlarını 30-50 dollara kirayə verdiklərini yazırdılar.
Ancaq indi bəlli olur ki, qiymətlər 300-400 manat arasında dəyişir. Balkon sahibləri çəkilişə razılıq vermirlər. Deyirlər ki, çox da nazir qadağanın olmadığını deyir, bir də gördün, gəlib vergi tələb elədilər.
Şəhərin mərkəzindəki "pub"lardan birində pivə içən bu dörd nəfərin evi yarışların keçiriləcəyi küçənin bir addımlığındadır. Ancaq həyət evlərində yaşadıqlarından balkonları yoxdur.