Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xüsusi əməliyyat reallaşdırıb. Nəticədə qolu qandallanan paytaxt sakinlərindən müxtəlif odlu silahlar və narkotik maddələr aşkar edilərək götürülüb.

Unikal.org ANS TV-nin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Sabunçu rayon sakinləri Anar Məcidov, Ağakamal Zəkiyev və qardaşı Ağazakir tutulub.
Saxlanılan şəxslərin Maştağa qəsəbəsində yaşadıqları evə baxış zamanı müvafiq sənədləri olmayan "Makarov" markalı tapança, "Winchester" markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Onların həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd narkotik xassəli bitki olan çətənə kolu da aşkar edilərək götürülüb. Qeyd edilən faktla bağlı cinayət işi başlanıb və silahların cinayət hadisəsində istifadə edilib edilmədiyi müəyyənləşdirilir.