Bu gündən AzVision saytlar qrupuna daha biri – erməni dilində fəaliyyət göstərən hayatsk.info əlavə olunub. 

Unikal.org-un məlumatına görə, ermənidilli versiyanın adı "Hayatsk" - adlanır. Bu da erməni dilində "baxış" deməkdir. Saytın özü qeyd edir ki, bu ad "AzVision" sözünə və konsepsiyasına daha uyğun gəldiyi üçün seçilib.

Sayt rəhbərliyi erməni dilində xəbər saytı yaratmaq zərurətinin iki ehtiyacdan doğduğunu qeyd ediblər: "Birincisi, ermənidilli informasiya mənbələrinin əksəriyyəti total dezinformasiya qaynağıdır və ancaq Azərbaycan əleyhinə xəbərlər yayırlar. Ona görə də, xəbər məkanının erməni dilli seqmentində vəziyyəti dəyişmək üçün Azərbaycanla, Ermənistanla, Qarabağla bağlı real vəziyyətə uyğun informasiyalar yaymağa ehtiyac var.

İkincisi, nəzərə almalıyıq ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdırlar, gələcəkdə də olacaqlar və biz onların da öz dillərində informasiya almaq tələbatını ödəməyə çalışmalıyıq".