"Ötən ilin 20 iyulundan bu yana 7600 terrorçu zərəsizləşdirilib".
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ölkəsində keçirilən antiterror əməliyyatları barədə məlumat verən prezident onların gizləndikləri sığınacaq, mağaraların böyük qisminin də məhv edildiyini açıqlayıb. 

"Bu milləti yüz illərdir ayaqüstə saxlayan inanc, eşq və ruh sağlam olduqca heç kim bu vətəni parçalaya bilməz. 100 il öncə gəldikləri kimi necə gediblərsə, bu gün də terror təşkilatlarını ölkəmizə salanlar, ondan maşa kimi istifadə edənlər yenidən məğlubiyyətə uğrayacaqlar.

Terror təşkilatı son bir ildə tarixinin ən böyük məğlubiyyətini yaşadı. Qazdıqları quyular, xəndəklər özlərinə məzar oldu. Bombaları əllərində partladı".

Onun sözlərinə görə, yüz il öncə minlərlə km məsafədən fərqli millətlərin əsgərlərini Çanaqqala önünə gətirən səbəb nə idisə, bu gün də dünyanın dörd bir bucağından terrorçuları birləşdirən odur. O bildirib ki, yüz il öncə İstanbulu işğal etmək xülyasında olanların bu gün də eyni hədəf üçün terror təşkilatlarından maşa kimi istifadə edirlər. 

Prezidentin şəhid və qazi yaxınlarının da iştirak etdiyi iftar süfrəsindəki çıxışı Baş Qərargah rəisi Hulusi Akarı duyğulandırıb. O, göz yaşlarını saxlaya bilməyib.

"Şəhidlərimiz bizim istiqlalımız, bu torpaqdakı şanlı tariximizin ölümsüz simvollarıdır". Ərdoğanın sözlərinə görə, son bir ildə aparılan mübarizə adi terrorla mübarizə əməliyyatı deyil. Ərdoğan deyib ki, ötən gün İstanbulda baş verən qanlı hücum terrorçuların fəaliyyəti qarşısında göstərilən mətanətin, qərarlılığın ifadəsidir. (Anspress)