Son iki ay ərzində ilan sancması ilə bağlı 18 müraciət daxil olub.
Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
A.Maqsudov bildirib ki, may ayı ərzində ilan sancması ilə bağlı mərkəzə 9 müraciət daxil olub. Müraciət edənlərdən 6 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm halı qeydə alınmayıb. İlansancma halları Bakıətrafı kəndlərdə, Saatlı və Sabirabadda qeydə alınıb. Xəstəxanaya yerləşdirilən 6 nəfərdən 4-ü qadın, 2-si isə kişi olub.
Bildirilib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə ötən il 2462 xəstə qəbul olunub. Azər Maqsudov deyib ki, xəstələr arasında qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib. Daxil olan xəstələrin əsas qrupu "dərman zəhərlənməsi" diaqnozu ilə qəbul edilənlərdir. Onların sayı 823 nəfər olub. "Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr" diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər, "yandırıcı məhlullardan zəhərlənmə" diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər təşkil edib. Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar. Xəstəxanaya qəbul edilmiş 15 yaşına kimi uşaqların sayı 419 nəfər olub".
A. Maqsudov qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ kömək göstərməkdən ibarətdir.