Yardımlıda fevralın 23-də baş verən kütləvi davanın təfərrüatları məlum olub.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, davaya əslində it boğuşdurulması yarışı deyil, bir tərəfin digərinə 7 min manata yaxın borcu olması səbəb olub.
Belə ki, bir neçə il əvvəl Ləzran kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov qonşuluqda yerləşən Şovud kəndindəki dostu Hüseynov Elşəngilə qonaq gedib. Dostlar yeyib-içdikdən sonra Elşən Bəhruzdan borc pul istəyib. Məclis bitdikdən sonra Bəhruz dostunun evində olan küçüklərdən birini istəyib, bu zaman Elşənin qardaşı Teymur Hüseynov iti ona bir şərtlə verib ki, vaxt gələndə digər küçüklərdən biri ilə dalaşdırsın.
Bir neçə il keçsə də, Bəhruz dostuna verdiyi borc pulu geri ala bilməyib, nəticədə aralarında ciddi mübahisələr yaranıb. Dava baş verən gün isə Elşən qardaşı ilə Bəhruza zəng edərək ona hədiyyə verilən iti öz itləri ilə dalaşdırmaq istədiklərini bildirib. Razılıq verən B.İsgəndərov dostundan borc verdiyi pulu yenidən geri istəyib.
Planlı şəkildə hərəkət edən qardaşlar görüş yerinə tək gəlməyiblər, onlar "it boğuşdurmaq" adı ilə borc məsələsinə son qoymaq istəyiblər. İtlərini döyüşdürən tərəflər arasında düşən mübahisə dava ilə nəticələnib. Bəhruzun tərəfində də bir neçə adam davada iştirak edib. Dava zamanı Teymur Bəhruzun qohumu Tərlana yumruq vuraraq yerə yıxıb. Bəhruz onları aralamaq istərkən arxadan başından küt alətlə zərbə alıb. Daha sonra Bəhruz ürəyindən, qardaşı Pərviz İsgəndərov isə qarın nayihəsindən bıçaqlanıb.
Yaralanan Bəhruz İsgəndərov Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
Qeyd edık ki, baş vermiş hadisədə adıçəkilən şəxslərdən başqa yaralananlar da var.