Astarada sərhəd pozucusundan silah, əlaqəli şəxslərdən isə külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən Unikal.org-a verilən məlumata görə, 23 fevral tarixində Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru bir nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub.
Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətində təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələrində dövlət sərhədini pozmağa cəhd edən İran İslam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram tiryək aşkarlanaraq götürülüb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saatlarında Astara rayonunun Ərçivan kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyeva Vüsalə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adlanan əraziyə gəlmələrini və İran İslam Respublikasının vətəndaşı ilə görüşərək, ondan narkotik vasitə əldə etmələrini etiraf edib.
Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram heroin, 540 qram marixuana, 300 qram "Metamfetamin", 64 ədəd tropikamid “Mydrax”, 100 konvalyutda “Preqabalin-150” aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, barələrində həbs-qətimkan tədbiri seçilib.
İran İslam Respublikası vətəndaşı Tahiri Müqəddəm Rza Əbdüləli oğlunun 2005-ci ildə dövlət sərhədini pozduğuna və narkotik vasitələrin qaçaqmalçılığına görə DSX əməkdaşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıyeva Vüsalə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.