Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və rüşvətdə təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror A.Osmanovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.
İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində üç nəfər tanınır.