Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Unikal.org-a verilən məlumata görə, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn 1979-cu il təvəllüdlü İran vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15-A-827 dövlət nömrə nişanlı “Renault” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub. 15-A-838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kiloqram 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə üzərindən Avropaya gedəcəyi müəyyən olunub.Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvana gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.