Ermənistan prezidentinin və digər şəxslərin ucuz, nalayiq çıxışları riyakarlığın təzahürüdür.
Unikal.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 8-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən deyib.

Dövlət başçısı görüşdə çıxış edib: "Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir. Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarıdağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır".

Dövlət başçısı əlavə edib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır: "Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdlər göstərir".

Prezident bildirib ki, bir sözlə, bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirməlidir: "Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bu çirkin meyillərə rəvac verənlər üçün də təhlükədir. Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bildiyiniz kimi, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının bu il Azərbaycanda Qlobal Forumunun nəticələri bir daha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb".

İlham Əliyev xatırladıb ki, ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək: "Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır. Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunacaq. Bir neçə il bundan əvvəl Bakı bu şərəfli ada layiq görülüb. İndi isə Naxçıvan bu şərəfli missiyanı icra edəcək.

Bir sözlə, bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanda çalışırıq ki, İslam ölkələri arasındakı birliyi daha da gücləndirək. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bir daha sizi salamlayıram və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun".