Tanınmış azərbaycanlı jurnalist Səbuhi Məmmədli İraqda, Bağdad aeroportunda saxlanılıb. Onu ölkəyə buraxmaq istəməyən məmurlar jurnalisti 35 saat boyunca aerportda miqrantlar üçün nəzərdə tutulmuş xüsusi təcridxanaya yerləşdiriblər.

Unikal.org xəbər verir ki, Səbuhi Məmmədlinin musavat.com-un əməkdaşına verdiyi məlumata görə, məmurlar onun ölkəyə zəvvar kimi daxil olduğunu əsas götürüb, ancaq jurnalist olduğunu öyrəniblər, ona görə də ölkəyə daxil olmasına əngəl yaradıblar.

Aeroportun sərhəd-gömrük xidmətində çək-çevirə salınan Səbuhi Məmmədlinin sözlərinə görə, ondan başqa Banqladeş, Almaniya, Madaqaskar vətəndaşları da saxlanılıblar. Məmurlardan biri ona Azərbaycanın müsəlman ölkəsi olub-olmadığı haqda sual verib, müsbət cavab alsa da, jurnalisti ölkəyə buraxmağa razılaşmayıb.

İki sutkaya yaxın aeroportdakı təcridxanada ləngidildikdən sonra jurnalistə bu gün saat 17 radələrində Azərbaycana yola salınacağı elan edilib. Deyilən vaxtda Bakıya uçan təyyarəyə oturdulan S.Məmmədli saat 20 radələrində Bakıya çatıb.

Qeyd edək ki, Səbuhi Məmmədli İraqın hazırkı vəziyyəti barədə reportajı fəaliyyətini yenicə bərpa edilmiş Lent.az saytı üçün hazırlayır.