Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
İttihama görə, ötən il iyunun 25-də gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" hoteldə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.
Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.