Lerik rayonunda evə basqın edən maskalı şəxs ər və arvada xəsarət yetirib.
Unikal.org "Report"a istinadən xxəbər verir ki, hadisə martın 1-dən 2-nə keçən gecə rayonun ucqar Sors kəndində baş verib.
Hadisənin şahidi 1956-cı il təvəllüdlü Mərziyə Söhbət qızı Şabiyevanın sözlərinə görə, gecə saat üç radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib. Ayağa durmaq istəyərkən üzündə maska olan şəxs 73 yaşlı qadına hücum çəkərək əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib. Lakin, o, səs-küy saldığından naməlum şəxs N.Əliyevanın sifət nahiyəsinə ağır xəsarət yetirib və o, huşunu itirib. Bundan sonra evə soxulan şəxs və ya şəxslər yan otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahiyəsinə küt alətlə zərbələr endiriblər.
Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib. Eyni zamanda əlildir.
Ailə üzvlərinin sözlərinə görə, xəsarət alanlar yaşlı insanlardır, heç kimlə münaqişləri yoxdur. Övladları ailəli olduqları üçün evdə ər və arvaddan başqa kimsə olmayıb.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. F.Əliyev daha ciddi müayinə olunmaq üçün Lənkəran Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı rayon Polis Şöbəsinə məlumat verilib. Araşdırma aparılır.