Bu gün Novruz bayramı ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında 14 yarmarka fəaliyyətə başlayıb.

Unikal.org xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Real TV"yə müsahibəsi zamanı bildirib. 

Onun sözlərinə görə, yarmarkalardan 4-ü Kənd Təsərrüfatı Nazirliyinin birbaşa təşkilatçılığı, o cümlədən yerli icra hakimiyyəti orqanlarının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kənddən şəhərə” brendi altında təşkil edilir.

“Əsas xüsusiyyət ondan ibarətdir ki, fermerlər öz məhsullarını birbaşa alıcılara təqdim edə bilirlər. Bu, həm keyfiyyətli, həm də ucuz məhsulların alıcılara təqdim edilməsi deməkdir. Digər səciyyəvi xüsusiyyət budur ki, satıcılar vahid geyimlə fəaliyyət göstərirlər. Sanitar qaydalara da ciddi əməl olunur”, - İ.Kərimov vurğulayıb.

Nazir Qida Təhlükəsizliyi Agentliyi mütəxəssislərinin də bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirdiyini bildirib: “Hesab edirik ki, bu yarmarkalar gələcəkdə daha da genişlənəcək, daha çox çeşidli məhsullar vətəndaşlara təqdim olunacaq”.