Ermənistan tərəfə keçdiyi deyilən azərbaycanlı qadının kimliyi barədə məlumatlar gündəmdədir. Doğrudur, ruhi xəstə olduğu  ehtimal edilən qadının sərhəddi keçməsi kimi hallar ilk dəfə baş vermir. Ümumiyyətlə, zöhrə əliyeva adlı şəxs kimdir? 
Unikal.org xəbər verir ki, ANS TV-nin çəkiliş qrupu Ermənistan tərəfinin yadırdığı iddialar fonunda Tovuz və Gədəbəy rayonlarında olub və  məsələnin təfərrüatlarını araşdırıb.
Tovuz rayonunun Yanıqlı kəndində Ermənistan tərəfə keçdiyi deyilən Zöhrə Vəliyeva adlı şəxs yaşamır.
Sakinlər bir neçə gün əvvəl Yanıqlı kəndinə tanımadıqları təxminən 35-40 yaşında qadının gəldiyini bildirirlər. Şahidlərin sözlərinə görə qısa saçlı, göy rəngdə paltarda olan qadın məntiqsiz davranışları və danışıqları ilə diqqəti cəlb edib. İlk baxışdan ruhi xəstə təsəvvürü yaradan qadın özünü Telli kimi təqdim edib və kənddə yaşamaq üçün ev axtarıb.
Qadının Tovuzun Yanıqlı kəndindən birbaşa Ermənistana keçməsi mümkün deyil. Çünki Yanıqlı kəndi Ermənistan sərhəddindən kənarda yerləşir. Eyni zamanda havaların son zamanlar yağmurlu olması dağ yolları ilə piyada keçidini minimuma endirir.  
Yanıqlı kənd sakinləri ehtimal edir ki, qadın ictimai nəqliyyatla Gədəbəyin Saratovka kəndinə gedib və dağ yolu ilə qarşı tərəfə keçib.
Məsələni dəqiqləşdirmək üçün ANS TV-nin çəkiliş qrupu Gədəbəyə yollanıb.  Rayonun Novo-Saratovka kənd sakini Bənövşə Musayeva deyib ki, adı çəkilən qadın hələ 1 həftə əvvəl onunla ünsiyyətə girib. Kəndə qurban kəsmək üçün gəldiyini deyən Zöhrə Vəliyeva ona bir sıra təkliflər də edib: «Dedim oğlum əsgərdir, dedi ki harda xilmət edir? Dedim Səngəçalda. Dedi ki, mənim yoldaşım komandirdir, icazə versəniz oğlunu 15 günlük məzniyyətə buraxdıraram».  
Hər rayonda özünü müxtəlf adlarla təqdim edən, ilk baxışdan ruhi xəstə təsəvvürü yaradan Zöhrə Vəliyevanın Gədəbəyin Qaravəllər kəndindən qarşı tərəfə keçdiyi ehtimal edilir. 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlara münasibət bildirib. Dövlət komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatları araşdırır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.