Yerində təftiş Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsində nəyi üzə çıxardı?
08:11 26-09-2012
İQTİSADİYYAT
Yerində təftiş Ağa Laçınlının ailəsinə
məxsus torpaq sahəsində nəyi üzə çıxardı?
Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin zəbti davam edir.
Xatırladaq ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.
2012-ci il sentyabrın 5-də rəsmi dövlət qəzeti "Azərbaycan"da bu hadisəni kəskin pisləyən yazı dərc olunub. "Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər" başlıqlı həmin yazıdan sonra məsələ başqa KİV-lərdə də geniş işıqlandırılıb. Bundan bir neçə gün sonra sabiq icra başçısı qanunsuz çəkdirdiyi hasarın 2 metrini sökdürüb və bunu zəbtin aradan qaldırılması kimi təqdim etməyə çalışıb.
Sentyabrın 25-də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edib dəqiq göstərmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi Badamdar qəsəbəsinə gəlib. Koordinatların peyk vasitəsilə yerində müəyyən edilməsi prosesini jurnalistlər - "Azərbaycan" qəzetinin müxbiri Rüstəm Kamal, "Yeni Müsavat" qəzetinin müxbiri Elmin Bədəlov, "525-ci qəzet"in müxbiri Bəxtiyar Məmmədli, "Bizim Yol" qəzetinin müxbiri Ramid İbrahimov, "Modern.az" saytının müxbiri Mail Ağaxanov və "Mediaforum.az" saytının müxbiri İmdad Əlizadə də müşahidə ediblər.
Yerində təftiş prosesi zamanı aydınlaşıb ki, sabiq icra başçısının çəkdirdiyi daş hasarın 8 metr 50 santimetr hissəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə keçir. Məlum olub ki, 2012-ci ilin sentyabrında, yəni məsələ mediada işıqlandırılandan sonra bu hasarın yalnız 2 metrə yaxın hissəsi sökülüb. Sabiq icra başçısının çəkdirdiyi hasarın 6 metr yarımdan çox hissəsi hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir. Jurnalistlərin, hal şahidi Əfqan Həsənovun və Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadənin iştirakı ilə yerində akt tərtib olunub. İştirakçılar imzaladıqları aktla mərhum şairin ailəsinə məxsus torpaq sahəsinin zəbtinin davam etdiyini, sabiq icra başçısının çəkdiyi daş hasarın hazırda 6 metr yarım hissəsinin şairin ailəsinə məxsus torpaq sahəsinə keçdiyini təsdiqləyiblər.
Qeyd edək ki, torpağın zəbt olunması ilə bağlı Ağa Laçınlının ailəsi Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də müraciət edib. Müraciətdə Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsi xahiş edilib.
Torpağı zəbt olunmuş ailə həmçinin məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə prosesi sentyabrın 26-da saat 12-də Səbail Rayon Məhkəməsində başlanacaq. İşə hakim Nurəddin Bağırov baxacaq.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00