Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev tələbələrlə görüşüb. 

Unikal.org xəbər verir ki, “Ali təhsil bu gün: ABŞ təhsili fonunda” adlı görüşdə professor doğulduğu Yevlax rayonundan ABŞ-ın Harvard Universitetinə kimi uzanan uğur yolundan bəhs edib. 

Ə.Abdullayev təhsil aldığı müəssisələr, iştirak etdiyi beynəlxalq layihələr, üzv olduğu yerli və beynəlxalq qurumlar haqqında danışıb. O, həmçinin qazandığı qrantlar və mükafatlardan da söz açıb. Ə.Abdullayev qazandığı uğurlardan, bu uğura gedən yolda qarşılaşdığı çətinliklərdən də bəhs edib, xaricdə yaşadığı təcrübələri tələbələrlə bölüşüb. 

Daha sonra Ə.Abdullayev ABŞ təhsil sistemi haqqında məlumat verərək oradakı təhsil müəssisələri, təhsil iştirakçılarının ümumi statistikası ilə tələbələri tanış edib. 

Professor standartlara uyğun olaraq “yaxşı tələbə olmaq” kriteriyalarını da diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib. 

Qeyd edək ki, Filologiya elmləri doktoru, professor Əfqan Abdullayev 1988-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsititutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant, müəllim, Tətbiqi Dilçilik laboratoriyasının müdiri işləyib.

1992-1995-ci illərdə Xəzər universitetində ingilis dili müəllimi, rektorun müşaviri, İngilis dili kafedrasının müdiri, Humanitar fakültənin dekanı vəzifələrində çalışıb. 1995-2003-cü illərdə ABŞ-da əvvəlcə Ali Təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb.

1998 və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbrayt mükafatına layiq görülərək ABŞ-ın müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub. 2000-ci ildə isə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsilini davam etdirib.