Qızılgüllər toxuyaraq satan və bu minvalla halal zəhməti ilə çörək pulu qazanan Elçin görmə qabiliyyətindən tamamən məhrumdur. O, dünya işığına həsrət qalsa da, kimsədən yardım gözləməyib, ağlayıb-sıtqamayıb. Elçin əlinin zəhməti hesabı ilə yaşamağa üstünlük verib.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə məşhur olan bu soydaşımızı görmə qabiliyyətləri olsa da, əslində mənəviyyatları və əxlaqları kor olan məxluqlar qarət ediblər.
Elçinin ayda 100 manat ödəyib kirayədə qaldığı mənzilə soxulan canilər gözdən əlil zəhmətkeşin var-dövlətini - 800 manatını, qızıl üzüyünü və gümüş boyunbağısını aparıblar.
Elçin həmin 800 manatı aylarla toplamışdı. Gecələr yatmayıb toxuduğu qızılgülləri küləkdə, soyuqda küçədə duraraq satmış, min əziyyət bahasına manatı manat üstə qoymuşdu.
5 yaşında görmə qabiliyyəti zəifləmiş Elçin sonradan qlaukoma xəstəliyi səbəbindən dünya işığına tam həsrət qalıb. Ötən il onun gözlərində kəskin və dözülməz ağrılar başlayıb. Həkimlərə müraciət edən Elçinin istəyi ilə onun iki gözü də kəsilərək götürülüb.
Elçinə həyatının bu ağır dönəmində dəstək olmaq üçün 077- 332-27-27 nömrəsinə zəng vurub, ondan sadəcə, toxuduğu qızılgüllərdən birini almaq yetər.