Biləsuvar rayonunda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a  DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. 

Məlumata görə, Biləsuvar rayonunun Nərimankənd kənd sakini T. İsayev rayon polis şöbəsinə müraciət edərək martın 5-də rayon ərazisində yerləşən bankomatlardan birinə təqaüdünü almaq üçün yaxınlaşdığını deyib. Yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə faktı törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Onun əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlqar Eminov olduğu məlum olub. Araşdırmalarla İ.Eminovun eyni yolla daha iki rayon sakini olan təqaüdçünün, ümumilikdə, 185 manat pulunu mənimsədiyi aşkar edilib. İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 xidməti - Zəng mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.