Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva bu gün Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.
Unikal.org xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Saray Eyvazovanın da yaşadığı Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəldilər. Bu ev zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.
Saray nənə: Xoş gəlmisiniz. Canım qurban, gələn ayaqlarınız var olsun.
Prezident İlham Əliyev: Necəsiniz?
Saray nənə: Sağ olun, qadan alım. Mehriban xanıma canım qurban.
Birinci xanım Mehriban Əliyeva: Salam. Çox şadam.
Saray nənə: Nəvəli-nəticəli olasan, ay qızım. Mənim qədər nəvə-nəticə görəsən. Mən görmüşəm, Allaha şükür. Gələn ayaqlarınıza qurban olum.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun, Allah sizə uzun ömür versin.
Saray nənə: Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva: Necə ola bilərdi ki, gəlməyək.
Saray nənə: Allah haqqı mən bilirdim ki, İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti yaratdı da. Bir ana kimi mənim hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban.
Mehriban Əliyeva: Mənə sizdən o qədər danışırdı ki, gözləyirdim, nə zaman gəlib sizinlə tanış olacağam.
Saray nənə: Sizin qadanızı alaram. Sağ olun ki, gəlmisiniz, mən də Sizi gözləyirdim. Mən Sizi çox istəyirəm.
Prezident İlham Əliyev: Bir ay keçdi, yenə görüşürük. Bir ay keçdi gəldim. Bir aydan sonra artıq sizin üçün gözəl ev hazırdır.
Saray nənə: Sağ olun, Sizin sayənizdə. Mən Allaha inandığım kimi bilirdim ki, gələcəksən.
Prezident İlham Əliyev: Zəlzələdən sonra birinci tikilmiş ev sizin evinizdir.
Saray nənə: Sağ olun, elədir. Hər cür şərait yaratmısan. Çox sağ ol, çox var ol. Allah-Təala ömrünüzü uzun eləsin. Yoldaşınla qarıyasan, nəvəli-nəticəli olasan.
Prezident İlham Əliyev: Çox sağ ol.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ ol.
Saray nənə: Siz sağ olun, bizim üçün çox iş gördünüz. Allah hamınızın işini avand eləsin.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evdə yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev: İndi şərait necədir?
Sevda Həsənova: Çox sağ olun. Sizinlə qürur duyuruq. Sağ olun ki, Azərbaycan xalqının arxasında durmusunuz.
Prezident İlham Əliyev: Burada şəklimiz var. Yəqin ki, bugünkü şəkli də əlavə edərsiniz.
Sevda Həsənova: Sağ olun. Allah Sizə cansağlığı versin. Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Evin ölçüləri əvvəlkindən daha böyükdür.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bəli, çox böyükdür, 131 kvadratmetrdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Saray nənə və ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdilər.
Saray nənə: Siz də balamsınız, özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı çox uca etmisən.
Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Bütün Azərbaycan sizi tanıyır, bütün Azərbaycan sizi sevir.
Saray nənə: Şükür Allaha, mən də qeyrətli qadın olmuşam. Üzüm bağlarında məftil çəkmişəm.
Prezident İlham Əliyev: Bir aya bu bina tikildi. O birilər də tikiləcək. Həm burada, həm Ağsuda, İsmayıllıda qəzalı, uçulan bütün binalar yenidən tikiləcək. Dünən Ağsuda idim, orada da vətəndaşlarla görüşdüm, orada da evlər uçulub. Onlara da dedim ki, bütün evlər tikiləcəkdir. Siyahı tutulub, qəzalı evlərin hamısı dövlət tərəfindən tikiləcək.
Saray nənə: Qadanı alım, ay İlham.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ailə üzvlərinin istək və xahişlərini dinlədilər. Dövlətimizin başçısı bu məsələlərlə bağlı müvafiq tapşırıqlarını verdi.
Saray nənənin gəlini Sevda Həsənova: Allah köməyiniz olsun. Sizdən yerlə-göy qədər razıyıq. Biz Sizinlə qürur duyuruq, çox sağ olun, var olun.
Prezident İlham Əliyev: Zəlzələ təbii fəlakətdir. Bu, əvvəllər də olub. Bir neçə il bundan əvvəl Zaqatalada, Balakən bölgəsində də olubdur. Orada da 3 mindən çox ev yenidən tikildi. Burada da indi 1000-dən çox ev yenidən tikiləcək, bərpa olunacaq. Xoşbəxtlikdən heç kim həlak olmayıb, hamı sağ-salamatdır. Biz də sizinlə tanış olduq və yeni bir ev də tikildi. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında zəlzələdən ziyan çəkmiş qalan evlər də tikiləcək, bərpa olunacaq. Vətəndaşlar da bunu bilir. Onu da deməliyəm ki, ancaq Azərbaycanda bu işlər bu qədər qısa müddət ərzində görülür. Hər yerdə zəlzələ, daşqın olur. İnkişaf etmiş ölkələrdə dövlət, ümumiyyətlə kömək etmir, bütün evlər sığortalıdır, vətəndaş sığortanı ödəyir, zəlzələ olandan sonra sığorta şirkətinə müraciət edir. Onlar baxırlar, təhlil aparırlar. Aylarla vaxt keçir, sonra da ona sığorta pulu verilir, gedir özü tikir. Amma Azərbaycanda necədir? Zəlzələdən bir gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyəti. Ona görə bu bir daha göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək.
Saray nənə körpəni göstərərək dedi: Bu mənim nəticəmdir, adı Emindir. Gələn ayaqlarınız var olsun. Gördüyünüz işlərə görə çox sağ olun.
Sonra xatirə şəkli çəkdirildi.