Martın 10-da media təmsilçiləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə birlikdə ağac əkiblər.

Unikal.org xəbər verir ki, “Yaşil Qələm” adlı kampaniya çərçivəsində Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış ərazidə “Jurnalistlər bağı” salınıb.
Kampaniya çərçivəsində 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib. Əkilən ağacların əksəri meyvə - yapon əzgili, feyxoa, nar, ərik ağaclarıdır.
“Yaşıl Qələm” kampaniyası AzTV-nin redaktoru Azər Qismətin təşəbbüsü ilə facebookda başladılıb. İlkin olaraq nəzərdə tutulurdu ki, kampaniyaya qoşulan jurnalistlər, yazarlar hərəsi özünün sevdiyi ağacı alsın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq bildiyi yerdə əksin. Təşəbbüsə ETSN dərhal reaksiya verdi və nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, ideya nazir Muxtar Babayev tərəfindən dəstəklənib. Və qərara alınıb ki, jurnalistlərin əkmək istədikləri ağacları da nazirlik özü hazırlasın.
Beləliklə, media əhlinə bir iş qaldı – park üçün ayrılan yerə toplanmaq və ağacları əkmək. Ağacəkmə kampaniyasına Muxtar Babayev də qatılmışdı. 
Ağaclar əkilib qurtardıqdan sonra nazir bildirdi ki, “Jurnalistlər bağı”nda əkilən ağaclara ETSN-nin əməkdaşları mütəmadi qulluq edəcək və ağaclar damcı-suvarma yolu ilə sulanacaq.
Tədbirin sonunda nazir jurnalistlərlə çay süfrəsində ekologiyanın, flora və faunanın qorunması ilə bağlı geniş söhbətlər apardı, onların təkliflərini dinlədi.