Oğlu maşınla şəhid qızını vurub, öldürən iş adamının adı daha bir məhkəmədə keçir. Qalmaqallı iş daha bir polis əməkdaşının məsuliyyətə cəlb edilməsi ilə nəticələnib.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ilginc məqamlar üzə çıxıb.
İttihama görə, Zakir Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov həbsxanadan ona zəng edib. Elvar Xəlilov tanışı olan Zakir Məmmədovdan həbsdən çıxmasına kömək etməsini istəyib.
Elvar Xəlilovun cinayət işi üzrə istintaqı isə Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov aparırmış. Elvar Xəlilov həyat yoldaşından 4 min manatı Zakir Məmmədovla birlikdə müstətniq Vüqar Abbasova verməsini xahiş edib. Zakir Məmmədov da onun xahişini yerinə yetirib. Amma bu iş alınmayıb.
İşin alınmamasının isə ilginc səbəbi var. Belə ki, müstəntiq Vüqar Abbasov həmin ərəfədə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işini araşdırırmış.
Rəhim sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla şəhid qızını vururaq öldürmüşdü. Vüqar Abbasov isə işi gizlədərək, qəzanı guya Rəhimovların sürücüsünün törətdiyini qeyd edərək, Rəhim Rəhimovu məsuliyyətdən kənara qoymağa çalışıb.
Məsələ ictimailəşdirildikdən sonra müstəntiq Vüqar Abbasovun əməlləri ifşa olunmuşdu. O, vəzifəsindən qovulduqdan sonra ölkədən qaçıb və hazırda axtarışdadır.
Qayıdaq Zakir Məmmədovun işinə… Həbsdə olan Elvar Xəlilov həbsdən çıxandan sonra Zakir Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Zakir Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Zakir Məmmədov özünü təqsirli bilmir və deyir ki, pulu Vüqar Abbasova verib. Bu işdə nəyisə həll etmək səlahiyyəti olmayıb və sadəcə Elvar Xəlilovun xahişini yerinə yetirib.
Elvar Xəlilovun adı indi başqa bir məhkəmə işində keçir. Həmin işdə də Elvar Xəlilov zərərçəkmişdir. Həmin işdə Elvar Xəlilov axtarışda olan Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun köməkçisi olmuş Elnur Babayevdən şikayətçidir.
Elnur Babayevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərdrliyi ilə araşdırılır. Həmin işdə Elnur Babayev, həmçinin "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimova qarşı dələduzluqda da ittiham edilir. Belə ki, Elnur Babayev Akif Rəhimovdan ümumilikdə, 52500 manat pul alıb. Bunun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.
Belə ki, Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin Elnur Babayev müstəntiq Vüqar Abbasov vasitəsi ilə işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini sərf edəcəkmiş.
Xatırladaq ki, 2017-ci il noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. 18 yaşı tamam olmayan Rəhim kluba gedərkən həmin qəzanı törətmişdi.
Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb.
Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.