Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi növbəti görüş martın 11-də rayonun Eymur kəndində baş tutdu. 

Unikal.org xəbər verir ki, görüşdə Cavid Osmanov əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan söz açdı. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətdən bəhs edən millət vəkili bildirdi ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir. Eyni zamanda bu qəbildən olan islahatlar, həm də ölkəmizin sosial məsələlərlə bağlı götürdüyü öhdəliklərin ardıcıl yerinə yetirilməsini bir daha təsdiqləyir. Qısa zaman kəsiyində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əmək haqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində imzalanan sənədlərdən danışan Cavid Osmanov qeyd etdi ki, bunlar ölkə başçısının, dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Ötən 2 ay ərzində cənab İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncam və fərmanları imzalaması, qərarları verməsi sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. 

Görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı millət vəkili onu da bildirdi ki, hazırkı mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyubdur. Bütün bunlar isə antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Komfort həyat üçün xaricə qaçaraq orada siyasi mühacir kimi özlərini qələmə verənlərin də bu işdə alətə çevrildiyini qeyd edən millət vəkili bu kimi anti-milli ünsrlərin cəmiyyətdə heç bir dayaqlarının olmadığını və onların xalq tərfindən sadəcə nifrətlə qarşılandığını bildirdi.

Görüşdə çıxış edənlər – Arzu Yaqubov, Əlizadə Yusifov, Tehran Əliyev, İmran Xudaverdiyev, Qabil Yusifov, Məhəmməd Musayev, Fikrət Hacıyev və Hilal Ramazanov bildirdilər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Ağdaşlılar da hər zaman bu siyasətə dəstəkdirlər və bundan sonra da dəstək olacaqlar.

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.