1918-ci ildə general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlığında dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunur.
Unikal.org xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin 1-ci müavini Volkan Öskiper, hər iki ölkənin rəsmi şəxsləri və ziyalılar abidənin tikintisi ilə yaxından tanış olmaq məqsədi ilə əraziyə gəliblər. Önçə tədbir iştirakçıları naməlum türk əsgəri məzarlığını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərzaidə salınmış abidə müasir üslubda qurulur, şəhidlik kompleksinin ərazisi genişləndirilir, ətrafda abadlıq işləri görülür.
Mərasimdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova , Türkiyənin Azərbaycandakı Səfirinin 1-ci müavini V.Öskiper və rayon ictimaiyyətinin nümayəndələri Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından ətraflı söhbət açıblar.
Daha sonra abidənin ətrafında abşeronlu könüllülərin iştirakı ilə 500 ədəd ağac və gül kolları əkilib.
Məlumat üçün bildirək ki, 1918-ci ildə ermənilər Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında, o cümlədən Abşeron rayonunun kənd və qəsəbələrində də qırğınlar törədərək günahsız insanları vəhşiliklə qətlə yetiriblər. Mənfur düşmənlərimiz yerli əhaliyə olmazın işgəncələr verib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əsgərləri Abşeronluların köməyinə gələrək erməni birləşmələrini darmadağın ediblər. Abşeron rayonunun Digah qəsəbəsində də ermənilərlə savaşda yerli sakinlərlə bərabər, 9 nəfər türk əsgəri də qəhrəmanlıqla şəhid olub. Onlar Digah qəsəbəsindəki qədim məzarlıqda dəfn ediliblər.