Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Unikal.org xəbər verir ki, dəyişiklik məcəllənin 288-ci (Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması) maddəsi ilə bağlıdır.

Həmin maddənin 0.1-ci bəndinin ləğv edilməsi təklif olunur.

Bu bəndə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanmasına və satışına fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik layihəsində qeyd olunub ki, “Fitosanitar nəzarəti haqqında” qanuna edilən dəyişiklik edilib. Qanunla sanitar-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitlərinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5 maddəsi ləğv edilib. Qanun bu müddəasının tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 288.0.1 maddəsi həmin xətalara görə məsuliyyət nəzərdə tutur. Artıq hüquqi əsası olmadığına görə bu maddənin ləğv edilməsi təklif olunur.