“Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi komitə sədri İsa Həbibbəyli deyib.

Komitə sədri qeyd edib ki, bu layihə tez bir zamanda hazırlanacaq.

***

“Ümumi təhsil haqqında” qanun layihəsi bir çox insanları əhatə edir. “Ümumi təhsil haqqında” qanun layihəsi uzun zamandır ki, gözlənilən, geniş, düşünülmüş və hər bir detalı özündə cəmləşdirən qanun layihəsidir”.

Bunu Milli Məclisin deputatı Sona Əliyeva Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda bu sahədə problemlərdən biri autizmli uşaqların təhsil məsələsidir.

Deputatın sözlərinə görə, Azərbaycanda 6 minə yaxın uşaq inklüziv və normal təhsil almaq imkanından kənarda qalıb:

“Bildiyiniz kimi ölkəmizdə 2015-ci ildə bu uşaqların sağlamlıq imkanları məhdud olması ilə bağlı kriteriya müəyyənləşib. Lakin “Təhsil haqqında” qanunda bu məsələ nəzərə alınmayıb. Autizmə 4 sindromlu xəstələrin daxil olduğunu nəzərə alsaq, bu problemin aradan qaldırılması istiqamətinə diqqət çəkilməlidir. Bəs onlar harada təhsil almalıdır?”.

S. Əliyeva bildirib ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi autizmli uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması haqqında düşünməlidir:

“Hazırda belə mərkəzlər yoxdur. Hansı ki, Türkiyədə belə uşaqlar üçün icbari dərs keçirilir. Bu uşaqlar hər hansı şəkildə təhsillərini davam etdirməlidirlər. Düşünürəm ki, cəmiyyətin və aidiyyatı qurumların bu barədə düşünməsinə ehtiyac var. Çünki gələcəkdə hər 10 uşaqdan 3-ü bu xəstəlikdən əziyyət çəkəcək. Bunun bizdən asılı olmayan səbəbləri var. Bu, dünyada baş verən qloballaşmanın insanlığa vurduğu ziyanın nəticəsidir”.