Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tətil günlərində respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan insanların sayının artacağı və bununla da ümumi istifadədə olıan avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı gözlənilir.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Novruz bayrami ərafəsində yol hərəkəti iştirakçılarına müraciət edib.
Bildirilib ki, bayram günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının vaxtında alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqət yetirməli olduqları məqamları ənənəvi olaraq bir daha xatırladır.
Hörmətli sürücülər!
Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə xüsusi diqqət ayırın və aşkar olunan nasazlıqları təxirə salmadan aradan qaldırın.
Hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücü və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır.
Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz.
Mümükün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin.
Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.
Unutmayın, qaydalara riayət etməklə Siz, həm özünüz, həm də əzizləriniz üçün bayram günlərinin xoş keçməsinə zəmin yaratmış olacaqsınız!