“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Unikal.org xəbər verir ki, Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.
Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 9,8 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 3,8 km uzunluğunda yeni su şəbəkəsi yaradılacaq. Binə qəsəbəsinin Südçülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 km su xətlərinin tikintisi nəzərdə tutulur.
Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.
Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.