Prezidenti İlham Əliyevin 74 nəfərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Bu barədə Unikal.org-a DMX-dan məlumat verilib. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə onları təbrik edib. 

Xidmət rəisi bildirib ki, ilbəil Azərbaycan vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən insanların sayında artım müşahidə olunur: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən də Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir".

Çıxışının sonunda Xidmət rəisi milli-mənəvi dəyərlərimizi, qədim tarixi keçmişimizi, zəngin adət və ənənələrimizi özündə təcəssüm etdirən, qarşıdan gələn Novruz Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 74 nəfər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.

Sonda xatirə şəkili çəkdirilib.