Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) professor-müəllim heyətinin yaradıcılıq sərgisi keçirilib.
Unikal.org xəbər verir ki, sərgidə AzMİU-nun kafedra və laboratoriyalarında aparılan elmi tədqiqat işlərinin nəticəsində çap olunmuş kitablar, yüksək İmpakt Faktorlu (İF) jurnallarda dərc olunmuş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olunub.
Universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov tədbiri açıq elan edərək sərgiyə gələnləri salamlayıb. A.Şərifov bildirib ki, 2018-ci ilin aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. “Bu, dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, belə bir günün təsis edilməsi Azərbaycan alimləri qarşısında daha ciddi vəzifələr qoyur”.
AzMİU-da təşkil olunmuş sərginin məhz “Elm günü”nün şərəfinə təşkil olunduğunu vurğulayan prorektor eyni zamanda qeyd edib ki, sərgidə nümayiş olunan bütün işlər AzMİU-nun elmi potensialının bariz göstəricisidir.
A.Şərifovun çıxışından sonra sərginin rəmzi qırmızı lenti kəsilib, rektorluğun, müəllimlərin və tələbələrin sərgiyə baxışı keçirilib.