Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilı 2019-cu il ölkədə “Nəsimi ili” elan olunub. Məhz bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Əsasən dahi Azərbaycan şairinin doğulduğu Şamaxı şəhərinə səfərlər təşkil edilir.
Unikal.org xəbər verir ki, Qədim Şamaxıya edilən səfərlərdən biri də Parlament Jurnalistlər Birliyinin (PJB) üzvlərinin iştirakı ilə baş tutdu.
Şamaxıya səfər zamanı birliyin üzvləri Bakı-Şamaxı yolundakı Acıdərə ərazisində uyuyan türk əsgərinin qəbrini ziyarət etdilər. Belə ki, 1918-ci ildə Bakının erməni işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna xidmətləri olub. Bu gün də Türk əsgərinin qəbri Bakıdan Şamaxıya yolu düşənlər tərəfindən mütləq ziyarət edilir.
Şamaxıya səfər edən PJB üzvləri Şamaxının tarixi əhəmiyyətli yerləri ilə də tanış olublar. Belə yerlərdən biri Dəmirçi kəndidir. Bu kəndin tarixi çox qədimdir. Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən kəndin iqlimi mülayimdir.
Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da, onla kənddə müşahidə olunmur. Elə səfər etdiyimiz gün də hava günəşli idi. Şamaxıya Novruzqabağı səfər etdiyimizdən kənddə bir bayram əhvalı hiss olunurdu. Kəndin qadınlarının təndirə yapdıqları çörəyin ətri ətrafa da yayılmışdı. Kəndin sakinlərinə gəlincə, vaxtilə İsmayıllının Lahıc və Əhən kəndlərindən gəlmə tatlardır. Onlar özlərinə məxsus dildə danışırlar. XV əsrə aid olan Dəmirçi kəndində insanlar dəmirçiliklə, dulusçuluqla məşğul olduqlarından kəndin adı dəmirçi adlanıb.
Keçək kəndin yollarına. Bir neçə il bundan qabaq kəndin yolları çala-çuxurlarla örtülmüşdü. Qışda Pirsaat çayını keçmək müşgül məsələyə çevrilirdi. Vay o gündən ki, çayda sel əmələ gələ. Bu zaman kəndə gediş-gəliş mürəkkəbləşirdi. Lakin 2018-ci ildə Prezidentin göstərişi ilə Dəmirçi kəndinin yollarına xüsusi diqqətin göstərilməsi sadaladığımız problemlərin bir daha təkrarlanmamasının qarşısını aldı. Artıq Dəmirçiyə gedərkən asfalt yollar göz oxşayır. Çayın üzərində salınan körpü isə insanların və turistlərin rahat hərəkət etməsinə şərait yaradıb. Kəndin tarixiliyini onun məscidlərinin olması da göstərir. Məscid bir neçə il bundan qabaq Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib.
Daha sonra PJB üzvləri dahi Nəsiminin qardaşının uyuduğu “Şahxəndan” qəbiristanlığını ziyarət ediblər. Qəbiristanlıq “şahxəndan” türbəsinin içində yerləşir. Türbənin içində iki yanaşı qəbir var. İddialara görə, məzarın biri Nəsiminin qardaşı Şahxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şahxəndanın nişanlısı olub.
Diqqət çəkən məqam türbə və onun içindəki məzarların çox baxımsız vəziyyətdə olmasıdır. Təbii ki, bu PJB üzvlərinin təəccübünə səbəb olub. Axı necə ola bilər ki, Şamaxıdakı türbə və məzarlıq Nəsiminin Hələbdəki qəbrindən fərqlənmir?!. Güman edirik ki, “Nəsimi ili”ndə məsələ öz həllini tapacaq. Tarixi şəxsiyyətlərin uyuduğu məkan baxımlı vəziyyətə gətiriləcək.
Sonda parlament jurnalistləri Şamaxı rəsədxanasında da olublar.