Bu gün “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək abşeronlu şagirdlərlə bu görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil işçiləri, gənclər, şagirdlər, valideynlər və KİV nümayəndələri işturak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Abşeron RİH başçısı İ.Gülməmmədova uşaqların inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin mühüm rolundan söz açıb. O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən bu tur-aksiyalar gözəl nəticələr verməkdədir. Onun sözlərinə görə, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”. RİH başçısı əlavə edib ki, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, bu vaxta qədər rayon üzrə 400 məktəbli iştirak edib.
Ölkədə görülən işlər, əldə olunan nəticələr, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan İ.Gülməmmədova vurğulayıb ki, təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə bütün sahələr üzrə böyük uğurlar qazanılıb.
Daha sonra tədbirdə şagirdlər, valideynlər və gənclər çıxış edərək sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd ediblər. Vurğulanıb ki, cənub bölgəsinə səfər edəcək şagirdlərin əlaçılar və olimpiada naliyyəti olanlar arasından seçilməsi məktəblilər arasında daha yaxşı oxumağı, daha çox çalışmağı təşviq edəcəkdir.
Çıxışçılar yaradılan bu şəraitə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.