I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində fəaliyyət göstərməyəcək.
Unikal.org-un məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.
Onun sözlərinə görə, sistem martın 19-u saat 15:00-dan 27 mart saat 10:00-dək fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.