Elnur Astanbəyli
Təzəlikcə sosial şəbəkədə deputat Tahir Kərimlinin bir açıqlamasının linkini gördüm, orada böyük şairimiz Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsi ilə bağlı arzusunu ifadə edib.
Arada bir cümlə də işlədib: "Yeniyetmə yaşlarımdan Nəsimi idealım olub..."
Başlayaq elə həmin cümlədən.
Mən deputatın Nəsimi heyranlığını şübhə altına almaq fikrindən uzağam. Özümüz də kiminsə kiməsə vurğunluğuna quşqu duymaq həddini və haqqını görmürük, amma...
Amma məsələ ondadır ki, Nəsimi yalnız bir ədəbiyyat hadisəsi deyil, eyni zamanda bir şəxsiyyət hadisəsidir: özü düşüncəsindən, dünyagörüşündən, əqidəsindən sonadək sapmadı, geri durmadı, bunun üçün hətta vətənindən dərbədər düşməyi göz önünə aldı, basqılara uğradı, ancaq öz doğru bildiyi yoldan dönmədi, son nəfəsində də öz həqiqətinə sadiq qaldı.
Dediyim odur ki, Nəsimini ideal kimi qəbul edərkən bu gəlişigözəl baş verməməlidir. Yoxsa 10-15 ilin içində fikirlərini 180 dərəcə dəyişərək, siyasi-ictimai baxışlarında U dönüşü edərək sonra da Nəsimi heyranlığından danışmaq yüngül desəm, səmimi görünmür.
Əlbəttə, kimsə çıxıb deyə bilər ki, "yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər". Razıyam. Ancaq baxır hansı məsələdə fikrini, özü də niyə, nə üçün dəyişirsən. Təsəvvür eləyin ki, illər uzunu "qatığın ağ olduğu" həqiqətini müdafiə edirsən, ancaq qəfil başlayırsan onun "qara olduğunu" söyləməyə, özü də nə var, nə var, "yalnız dəlilər və ölülər fikrini dəyişmirlər"... Absurd deyilmi? Gülməli deyilmi?
Ona qalsa, Nəsimi də eyni aforizmdən çıxış edib həyatını xilas edə bilərdi; ancaq etmədi. Əqidəsini canından da uca tutdu. Ona əbədiliyi qazandıran da bu sadə həqiqətdir.
Qatığın rəngi dəyişməyibsə, ancaq sən onun haqqında fikrini dəyişirsənsə artıq əbədilik qazanmaq boş gözləntidir. Uzaqbaşı, məsələn, deputat mandatı qaqzana bilərsən.
Gələk Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi təkilifinə...
Tahir Kərimli bu təklifi ilk deyil, yəqin son da olmayacaq.
Oxşar təklifi Rəsulzadənin qəbri ilə bağlı səsləndirənlər də var, Mirzə Fətəli Axundzadənin qəbri ilə bağlı dilə gətirənlər də...
Bu cür təkliflər mənim üçün həmişə anlaşılmazdır, populizm və səmimiyyətdən uzaqdır.
İki səbəbdən: birinci, guya məsələn, Mirzə Fətəlinin qəbri Tiflisdə yox, Bakıda olsa, bu nəyi dəyişəcək? Məsələn, Həsən bəy Zərdabinin qəbri Azərbaycandadır, 22 iyul Milli Mətbuat Günündən qeyri nə vaxt yada düşür? O qəbrin illər uzunu baxımsız qaldığını, məzar üstündəki betonun bir neçə yerdən çatladığını, qəbirüstü abidəsinin bozardığını, başdansovu suvandığı üçün qəbrin üzərində yamaq kimi görünən suvağı nə tez unutdunuz?
İkincisi: mənəvi böyüklərimizin vətəndən qıraqdakı qəbirlərinin Azərbaycana gətirilməsini təklif etməmişdən öncə onların ideallarına, uğrunda min bir məhrumiyyət yaşadıqları dəyərlərə sayğı duymaq, bu ölməz idealların, ali dəyərlərin bərqərarına çalışmaq lazımdır. Əks halda Nəsimi də, Rəsulzadə də, Mirzə Fətəli də, digər mənəvi böyüklərimiz də qəbirlərinin harada olmasından asılı olmayaraq onsuz da məzarlarında narahat uyuyacaqlar. Ha Hələbdə, ha Tiflisdə, ha Ankarada, ha Bakıda...