Tovuz rayonunda yeznəsini öldürməyə cəhddə ittiham olunan Vüqar Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org  teleqraf.com-a istinadən xəbər verir ki, Vüqar Ələkbərovun barəsində prokurorluqda toplanan material araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 1-nə təyin edilib.

İttihama görə, hadisə ötən il oktyabrın 4-də Tovuz rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində Elbrus Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

Hadisəni Elbrus Ələkbərovun qaynı Vüqar Ələkbərov törədib.

Oktyabrın 4-də, gecə saat 1 radələrində Vüqar Ələkbərov Elbrus Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb.

Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində Vüqar Ələkbərov özü ilə gətirdiyi benzini Elbrus Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb. Elbrus Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

İstintaq orqanı tərəfindən Vüqar Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.