Avropa çempionatının startına saatlar qalmış ilk matçın oynanacağı Sent-Denisdəki "Stad de Frans" arenasında bomba həyəcanı yaşanıb.
Bu barədə stadiondan canlı yayım edən Türkiyənin "TRT Spor" telekanalının əməkdaşı məlumat verib.
Türk həmkarımız canlı yayımda stadionun media tribunasına bomba qoyulması ilə bağlı xəbər daxil olduğunu bildirib. Lakin təlim keçmiş köpəklərin və bomba mütəxəssislərinin diqqətli axtarışları nəticə verməyib.
Təhlükəsizlik qüvvələri oyunun keçirilməsi ilə bağlı bir maneənin olmadığını açıqlayıblar.
Amma elə bu arada Fransanın Marsel şəhərində polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib.
Ondan əvvəl isə ingilis azarkeşləri ilə yerli sakinlər arasında kütləvi dava olub.
Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda asayiş keşikçiləri və 200-ə yaxın ingilis azarkeşləri arasında toqquşmalar Marsel şəhərinin limanı ətrafında davam edir.
Qeyd edək ki, iyunun 11-də Marseldə futbol üzrə Avropa Çempionatı çərçivəsində Rusiya – İngiltərə oyunu keçiriləcək.
(APA)