Ağ Ev administrasiyası 10 iyunda Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.
Unikal.org-un modern.az-a istinadən məlumatına görə, petisiya 330 mindən çox səs toplayıb.
Bu isə Barak Obama administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çoxdur.
Petisiyanın müəllifi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, deputat Elxan Süleymanov artıq bir neçə həftə əvvəl bildirib:
"Ölkəmizə qarşı uzun illərdir dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən edilən və hazırda da davam edən qlobal siyasi təzyiqlər fonunda bu petisiyaya ABŞ tərəfindən obyektiv munasibət bildirilməsi məndə ciddi şübhələr yaradır."
Ağ Ev administrasiyası bu yaxında Avropa Şurası Parlament Assambleyası tərəfindən Sərsəng su anbarına dair qəbul edilmiş 2085 (2016) saylı qətnaməni birbaşa dəstəkləməkdən ABŞ-ın AŞPA-ya üzv olmaması bəhanəsi ilə yayınırdı.
Həmin qətnamədə Ermənistanı təcavüzkar adlandırılır və Ermənistan qoşunlarının regiondan dərhal geri çəkilməsi üçün çağırış edilirdi.
"Ağ Ev Administrasiyasının AŞPA-nın 2085 (2016) saylı qətnaməsini birmənalı şəkildə təqdir etməyəcəyini gözləyirdim. Lakin təəssüflənirəm ki, ABŞ administrasiyası petisiyada Sərsəng su anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə etinasızlıq göstərdi"
Petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox "Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə" yönəlib.
Elxan Süleymanov bu mənada ABŞ administrasiyasının Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmədiyini və qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkan yaratmadığını təqdir edir.
"Ağ Ev öz cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ administrasiyasının Ermənistan ritorikasına qoşulmamasını yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında hərtərəfli həll yolu "Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən" ibarət olmalıdır",-deyə Elxan Süleymanov bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan ən qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və Ermənistan qoşunlarının geri çəkilməsini istəyir.
"Bundan əlavə, ABŞ administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də bir çox Avropa ölkələrində olduğu kimi, yerli muxtariyyət səviyyəsi müəyyən edilə bilər.
BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. ABŞ administrasiyası da beynəlxalq qətnamələrə hörmət etdiyindən, Obama administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən, açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur.
Ermənistanın təcavüzkar olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmaz olması faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında olub. İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu sayta daxil olur".
Elxan Süleymanov qeyd edib ki, Azərbaycana qarşı törədilmiş ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edilib.
Onun sözlərinə görə, bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca əhəmiyyətli fəaliyyətdir və Azərbaycanın intellektual mübarizədə mühüm qələbəsidir.