Abşeronda 21 yaşı Qobu qəsəbə sakini Elnur Şıxməmmədov anasının haqqında xoşagəlməz söz deyən qohumunu bıçaqlayıb.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan Elnurla söhbət zamanı müəyyən edilib ki, onun cinayəti törətməsinə səbəb atasının xalasıoğlu olan Meydanın anası haqqında dediyi xoşagəlməz şayiələr olub. Neft daşlarında işləyən Elnur bu barədə anasından eşidib.
Elnur Şıxməmmədov - saxlanılan şəxs: "Gördüm ki, anamın qanı qaradır. Soruşdum ki, nə olub? Açdı söhbəti, mənə danışdı ki, mənim haqqımda şayiə yayıb. Evə heç nə demədən çıxdım, bıçağımı da götürmüşdüm.
Daha sonra o, qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna çağırıb.
Elnur Şıxməmmədov: "Görüşdük, soruşdum ki, nəyə görə bu şayiələri buraxmısan? Söyüşlə cavab verdi ki, mən deməmişəm elə bir şey. Dedim ki, bu şeylərin dəqiqinə getmişəm mən, sən demisən. Başladı söyüşlə misallar çəkməyə. Misal çəkəndə mən bunu vurdum"
Qəzəbini cilovlaya bilməyən Elnur törətdiyi əmələ görə qanun qarşısında cavab verməli olacaq.