Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ-nin Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış fotojurnalist Yaşar Xəlilovu mənzilində ziyarət ediblər, 83 yaşlı ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.
MŞ-dan unikal.org-a verilən məlumata görə, Ə. Amaşov fotojurnalistə həmkarlarının salamlarını və xoş arzularını çatdırdıqdan sonra milli fotojurnalistikamızın inkişafına yarım əsrdən artıq xidmət göstərmiş "Şöhrət" ordenli Əməkdar jurnalistə rəhbərlik etdiyi qurumun Fəxri diplomunu və ahıl jurnalistlərin hədiyyəsini təqdim edib.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov həvəskar foroqrafçılıqdan milli fotojurnalistikamızın zirvələrinədək yüksəlmiş Yaşar Xəlilovun məhsuldar və şərəfli bioqrafiyasını yada salıb. O bildirib ki, 83 yaşlı sənətkar ölkənin populyar "Azərbaycan gəncləri", "Bakı" - "Baku" və digər dövri nəşrlərində özünü peşəkar, cevik və məsuliyyətli fotojurnalist olaraq tanıtdıqan sonra ən yüksək fotoxronika bazası olan "Azərinform" (indiki AZƏRTAC) Dövlət İnformasiya Agenliyinə dəvət olunub. 45 il burada ciddi yaradıcılıq yolu keçən Y. Xəlilov ümummilli lider Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövrünün geniş, məzmunlu fototarixcəsinin yaradılmasında daim öndə gedib.
AJM-in sədr müavini Məzahir Süleymanzadə, İdman Jurnalistləri Assossiasiyasının prezidenti Eldar İsmayılov, fotojurnalistlər Rafiq Salmanov və Rasim Sadıxov ustad sənətkarın xarakterinin və peşəkalığının özəlliklərindən, bioqrafiyasının seçilən məqamlarından söz açaraq qeyd ediblər ki, Yaşar Xəlilov Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə formalaşıb inkişaf yolu keçmiş milli fotojurnalistikamızı ölkəmizdən kənarda da tanıdan nadir sənətkarlarımızdandır. O, dalbadal 5 Olimpiadanı işıqlandırmış yeganə Azərbaycan fotojurnalistidir.
Sonda Yaşar Xəlilov göstərdikləri həssaslığa, haqqında söylənən xoş sözlərə görə razılığını bildirib, iş prosesindəki bəzi maraqlı məşamları yada salıb, xatirələri bölüşüb. O, həmçinin müasir fotojurnalistikadakı meyllərdən də söz açıb.