Neftçalada "kommunxoz" müdiri ilə dalaşaraq işləri polisə düşmüş Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov baş verənlərlə bağlı danışaraq hadisə barədə saytımızın məlumatını təsdiqləyib.
Bələdiyyə sədri bildirib ki, keçmiş "rayispolkom" adlanan inzibati binada Neftçala bələdiyyəsi ilə yanaşı, bir neçə dövlət qurumu, o cümlədən Şəhər icra nümayəndəliyi yerləşir.
«Bələdiyyənin yerləşdiyi binanın qarşısına xeyli müddət əvvəl öz vəsaitimiz hesabına zəncir sədd quraşdırmışıq ki, burada yerləşən qurumlara gələn vətəndaşlara qarşıdakı küçədə avtomaşınlar maneə törətməsin, avtomaşınlar pilləkənlərə dirənib vətəndaşların keçməsinə problem yaratmasın. Bu isə şəhər icra nümayəndəsi Gülqədəm xanıma xoş gəlmir... Digər tərəfdən, sədd quraşdırılmış yer bələdiyyə torpağıdır. Amma əvvəllər 2 dəfə həmin zəncirlər gecə yarısı kimlərsə tərəfindən kəsilərək götürülüb. Buna görə polisə şikayət də etmişik. Hadisə baş verən gün xəbər tutduq ki, "kommunxoz" müdiri traktorla səddi sökdürür. Mən ona iradımı bildirdikdə dedi ki, əcəb edirəm. Ona görə də, aramızda qarşıdurma yarandı və mülkiyyətimiz oğurlandığından, mən hadisə yerinə polis çağırdım. Amma eşitdiyimə görə, qarşı tərəf də mənə qarşı şikayət verib», - Aydın Aslanov deyib.
(virtualaz.org)